ŞÜUR VƏ SİRRLƏRİ

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən şey şüur sahibi olmasıdır. Bəs şüurumuzun mənbəyi nədir? Əgər cavabınız "beyin" dirsə səhv edirsiniz. Çünki beynimiz də eyni bir stol və ya bir stəkan kimi atomların yan-yana gəlməsi ilə yaranmış bir maddə yığınıdır. Stolun atomları düşünə bilmədiyinə görə beyninizdəki atomlar da düşünə bilməz. Bu da göstərir ki, şüurunuz fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

GÖRƏSƏN NİYƏ ŞÜURUNUZ VAR, BUNU HEÇ DÜŞÜNDÜNÜZMÜ?

Ətrafınıza baxdıqda şüurun adi bir şey olmadığını asanlıqla anlaya bilərsiniz. Oturduğunuz otaqdakı əşyalara baxın.Məsələn bir stulu düşünün. Bu stulun bir şüuru yoxdur. Öz varlığının şüurunda deyil. Düşünmür, görmür, hiss etmir. Stulu meydana gətirən parçalarda məsələn, taxtada, mismarlarda, yapışqanda, parçada, süngərdə də bir şüur yoxdur. Bunları daha ətraflı araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan yarandığını görərsiniz. Əlbəttə bu atomların da bir şüuru yoxdur. Müəyyən bir nizam içində bir yerə gətirilmiş, cansız, ağılsız bir maddə-enerji qarışığıdırlar.

Ətrafımızdakı hansı maddəni araşdırsaq, şüursuz olduğunu görərik. Hansı elementlərdən meydana gəlsə də, hansı formada (maye,qatı və ya qaz halında) olsa da, maddə şüursuzdur. Bir stul, bir daş, bir stəkan su-heç birində şüur yoxdur.

BƏS SİZİN ŞÜURUNUZUN MƏNBƏYİ NƏDİR?

Əgər bu suala "beynimdir" deyə cavab versəniz, bu səthi bir cavab olar. Çünki beyin də dərinə getdikdə bir stul, bir daş və ya bir stəkan su kimi atomların yan-yana gəlməsi ilə yaranmış bir maddə yığınıdır. Bir taxtadan ibarət stulda necə atomlar müəyyən bir nizam içində bir araya gətiriliblərsə, sizin beyninizdəki atomlar da müəyyən bir nizam içində bir araya gətiriliblər və aralarında müxtəlif əlaqələr qurularaq birləşdiriliblər. Stulun atomları düşünə bilmədiyi kimi beyninizdəki atomlar da düşünə bilməzlər.

Bu da onu göstərir ki, şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

"TƏŞKİL OLUNMUŞ MADDƏ" YALANI

Materialistlər maddə xaricindəki bütün varlıqları rədd etdikləri üçün ruhun varlığını qəbul etməmək mövzusunda hələ də təkid edirlər. Buna görə də insan şüurunu beyni yaradan maddələrə ayırmağa çalışırlar. Bunun üçün istifadə etdikləri əsas fərziyyə, "təşkil olunmuş maddə" anlayışıdır. Yəni onların iddiasına görə, insana şüur qazandıran amil beynin içindəki neyronların arasında çox yaxşı əlaqələr olmasıdır. Bu neyronlar arasındakı kimyəvi və elektrik hərəkətlərinin "mənlik" dediyimiz şüuru meydana gətirdiyini iddia edirlər.

Ancaq materializmin bu iddiası heç bir sübuta əsaslanmır və ayrıca məntiqi olaraq da qəbul edilə bilməz. Maddənin, təşkil olunduqca şüur qazandığını iddia etmək olduqca ağılsızlıqdır. Həm də bunu göstərən heç bir dəlil yoxdur. Canlılardan başqa ən yaxşı "təşkil olunmuş maddə"lər, müasir dövrün kompyuterləridir. Amma bu kompyuterlərin heç birində bir "mənlik şüuru" yoxdur və bunun yaradılmasına dair fərziyyələrin boş olduğu da aydın olmuşdur. Bir kompyuter çox yaxşı bir proqramlaşdırma sayəsində çox uğurlu əməliyyatlar yerinə yetirə bilər, amma bir "şüur" sahibi ola bilməz. Bir kompyuter nə qədər inkişaf etmiş olsa da, nəticədə bir "hesablama qurğusu"dur.

Bundan əlavə, bəhs etdiyimiz kompyuterlər, insan şüurunun hazırladığı, böyük bir informasiya və texnologiya sayəsində istehsal olmuş avadanlıqlardır. İnsan şüurundan çox geridə olan kompyuterlərin maddənin öz-özünü təsadüflər nəticəsində təşkil etməsi ilə yarandığını iddia etmək çox məntiqsiz və ağılsızlıq ikən kompyuterlərdən daha üstün və mürəkkəb olan insan şüurunun təsadüflər nəticəsində yarandığını iddia etmək daha məntiqsiz yanaşmadır.

Heç bir təsadüfi hadisə, yüz milyardlarla il verilsə belə, düşünmə, zövq alma, qərar vermə, ədalət, dürüstlük, mərhəmət, şəfqət, sevgi kimi hisslərə sahib, həyəcanlanmağı, darıxmağı, vəfanı bilən şüuru, cansız maddələri bir araya gətirərək yarada bilməz. Heç bir təsadüfi hadisə düşünə bilməyən bir varlığa sənət əsərləri yarada biləcəyi, ən çətin riyaziyyat məsələlərini həll edə biləcəyi, kosmosa gedəcək texnologiyanı istehsal edə biləcəyi, atomları araşdıraraq həll edə biləcəyi bir şüuru qazandıra bilməz. Yüz milyardlarla il keçsə və bütün imkanlar verilsə də bir meymun, Rembrandt kimi şəkil çəkib, Beethoven kimi musiqi bəstələyə bilməz, New York kimi bir şəhəri tikib, Eynşteyn kimi fizikanın qanunlarını həll edə bilməz.

BEYNİN FƏALİYYƏTLƏRİNİN AÇIQLAYA BİLMƏDİYİ BİR FAKT

Ruhi vəziyyətin beyindən qaynaqlandığına inanan materialistlər, beynin quruluşu açıqlandıqca daha da çıxılmaz vəziyyətə düşürlər. Müasir dövrdə beyində bütün duyğulara aid mərkəzlər təyin edilə bilir. Bir əzələni işlətmək üçün hansı tərəfin istifadə edildiyi, beyindəki elektrik və kimyəvi fəaliyyətlər müşahidə edilərək müəyyən olunur. Hətta bu tərəfə edilən müdaxilələrlə müxtəlif müalicələr edilir. Yəni elm adamları demək olar ki, beynin bütün üzvi funksiyalarını, bunların hansı mexanizmlərlə işlədiyini təyin ediblər. Ancaq, insanın ayırd etmə xüsusiyyətinə malik olan şüura və ona bağlı xüsusiyyətlərə aid bir hissə beyində yoxdur.

Buna görə də, ruhu beynin bir funksiyası olaraq qəbul edən (yəni ruhu maddəyə "mənimsətməyə" çalışan) materialist düşüncə, insanın sirrlərini açdığını zənn edərkən əslində böyük bir sirrlə qarşılaşmışdır.

Beyinlə bağlı aparılan tədqiqatlarındakı yeniliklər bəzi materialistləri də şüurun quruluşu haqqında yeni şərhlər verməyə məcbur etmişdir. Bunlardan biri Bristol Universiteti professorlarından nevropsixoloq, Beyin Tədqiqatları Şöbəsinin Rəhbəri Richard L. Gregorydur. Gregory şüur mövzusunu açıqlayarkən bunları söyləyir:

"Şüur, zehnimizin ən tanış, lakin ən sirrli ünsürüdür. Bir tərəfdən hər birimiz üçün təcrübə yaşayan, hissləri və duyğuları idrak edən, əzab çəkən, fikir söyləyən və şüurlu olaraq plan hazırlayan daha qəti bir şey vardırmı? Digər tərəfdən dünyada şüur ümumiyyətlə nə deməkdir? Maddi bir dünyada maddi bədənlər belə bir şeyə necə sahib ola bilərlər? Elm görünüşcə sirrli olan məsələn, maqnitlənmə, fotosintez, həzm, hətta çoxalma kimi bir çox şeyin sirrini ortaya çıxardı. Halbuki şüur bunlara qətiyyən bənzəmir."

Materialistlər ilkin fikirlərlə çıxış etməyi, bəzi elm adamları isə dəlillər qarşısında ilk mühakimələrini tərk etməyə qərar vermişlər. Bunlardan biri, beyin mövzusundakı tədqiqatları ilə tanınan Beyin Cərrahı Wilder Penfielddir. Penfield, illərlə davam edən fəaliyyətlərindən sonra ruhun varlığının inkar edilə bilməyəcək bir həqiqət olduğu nəticəsinə gəlmişdir:

"… Ağlı yalnız beyin funksiyası olaraq illərlə açıqlamağa çalışdıqdan sonra, bir insanın varlığımızın iki əhəmiyyətli ünsürdən meydana gəldiyini müdafiə edən fərziyyəsini mənimsəməsinin daha məntiqli olduğu nəticəsinə gəldim... Ağlı, beynin içindəki sinir hüceyrələri əsasında açıqlamanın qeyri-mümkün olacağı qəti olaraq göründüyü üçün, varlığımızın iki əhəmiyyətli ünsür (maddə və ruh) baxımından açıqlanması lazım olduğunu seçmək məcburiyyətində qalıram."

KƏRPİCDƏKİ ATOMLAR VƏ BEYNİMİZDƏKİ ATOMLAR

Şüur mövzusunda dövrümüzün ən qabaqcıl alimlərindən biri, Oxford Universitetinin Nobel mükafatı laureatı olan Roger Penrosedir. Məşhur fizik Stephen Hawkingin də yaxın iş yoldaşı olan Penrose, astronomiya mövzusundakı uzun çalışmalarından sonra beynin quruluşunu və şüur mövzusunu araşdırmağa başlamışdır. Penrosenin "The Emperor's New Mind" (İmperatorun Yeni Zehni) adlı kitabı bu mövzudakı ən əhəmiyyətli əsərlərdən biridir.

Roger Penrose bu kitabda materialistlərin "şüur yaradan beyin" nəzəriyyələrinə qarşı bunları yazır:

"Bəzi nevrofizioloqlar da xüsusilə beyindəki ağımtıl kimi quruluşun şüurun 'yerini' -həqiqətən belə bir yer varsa- meydana gətirdiyi fikirindədirlər. Nə də olsa ağımtıl kimi quruluş beynin ümumi oyanıqlıq vəziyyətindən asılıdır... Şüurlu olmaq üçün ehtiyacımız olan yalnız aktiv bir ağımtıl quruluş sistemdirsə, qurbağalar, kərtənkələlər və morina balıqları belə şüurlu deməkdir!"

İnsanı şüurlu bir varlıq edən əlbəttə şüursuz atomların yan-yana düzülmələri deyil. Düşünən, qərar verən, danışan, danışılanları anlayan varlığın beynimizi və bədənimizi meydana gətirən cansız atomlar olmadığı açıq-aşkardır. Şüur və ona bağlı davranışların yalnız maddənin bir funksiyası olduğunu düşünənlərə qarşı Penrose bunları söyləyir:

"Müəyyən bir kimsəyə onun insan şəxsiyyətini verən nədir? Sadəcə bir dərəcəyə qədər bədənini meydana gətirən atomlardırmı? İnsan şəxsiyyəti atomları meydana gətirən elektron, proton və digər hissəciklərin xüsusi seçiminəmi bağlıdır? Bunun belə olmadığını göstərən ən az iki səbəb var:

Birincisi, yaşayan hər kəsin bədənini meydana gətirən materialda fasiləsiz bir dəyişmə var. Bu, doğumdan sonra yeni beyin hüceyrələri meydana gəlməsə də, bir kimsə üçün xüsusilə beyin hüceyrələri üçün də bu belədir. Doğumdan bəri hər bir hüceyrənin və bədənimizi meydana gətirən maddələrin, demək olar ki, hamısı dəfələrlə dəyişdirilmişdir.

İkinci səbəb kvant fizikasındandır... Əgər bir kimsənin beynindəki bir elektron, bir kərpicdəki digər bir elektronla dəyişdirilsəydi, sistemin vəziyyəti əvvəlki ilə tamamilə eyni olardı, heç ayırd edilə də bilməzdi. Eyni şey protonlar və digər bütün hissəciklər üçün də eynidir. Əgər bir kimsənin bədənindəki bütün maddə bu evin kərpiclərindəki uyğun hissəciklərlə dəyişdirilsəydi, demək olar ki, qətiyyən heç bir şey dəyişiklik olmazdı."

Penrose bir insanın bütün atomlarını kərpicin atomları ilə dəyişdirsək belə, insanı şüurlu edən xüsusiyyətlərin tamamilə eyni qalacağını açıq ifadə edir. Ya da tam əksini düşünə bilərik. Əgər beynin atomlarının hissəciklərini kərpicdəkilərlə dəyişdirsək, bu da əlbəttə kərpici şüurlu etməz. Kərpic yenə kərpic olaraq qalar. İnsanı insan edən xüsusiyyətlərin maddənin bir xüsusiyyəti olmadığı, onun xaricində bir varlıq olduğu çox açıqdır.

ŞÜUR MÖCÜZƏSİ

Beyin hisslərlə əlaqəli olaraq çalışdığı və müəyyən mərkəzlərdə bu hissləri yığaraq bunları birləşdirən bir orqandır. Ancaq beyinlə əlaqədar bütün məlumatların cəmi belə, elm adamlarına şüur haqqında axtardıqları cavabı verə bilmir. Nümunə olaraq, görmə əməliyyatının necə reallaşdığını nəzərdən keçirək. Bir cisimdən, məsələn bir çiçəkdən gələn xəbərdarlıqlar gözümüzə çatır. Göz bir kamera kimi bu görüntünü tutur və beyindəki sinirlərə ötürür. Sinirlər boyu uzanan çiçək görüntüsünə aid məlumatlar beynin görmə mərkəzinə çatır və bu hissədə çiçək görüntüsü meydana gəlir. Bura qədər olan müddətdə beyin mexaniki əməliyyatları yerinə yetirir. Ancaq beynin görmə mərkəzində dayanan çiçək görüntüsünü görən, onun bir çiçək olduğunu anlayan, yaddaşındakı digər çiçəklərlə müqayisə edən, çiçəkdən aldığı qoxularla xatirələri canlanan varlıq, beynin bizim anlaya bildiyimiz maddi quruluşunun xaricindədir. Beynin içində yaranan görüntünü bir gözə ehtiyacı olmadan görən, bu görüntünün qoxusunu bir burna ehtiyacı olmadan qoxlayan bir varlıq vardır. Elm adamlarını heyrətə salan möcüzəvi nöqtə də elə budur.

Beynin sinirlərdən, atomlardan ibarət olan maddi quruluşu, insanın xidmətinə verilmiş üstün bir maşındır. Ancaq insanın ruhuna aid olan və insanı insan edən xüsusiyyətlər beynin bu maddi quruluşunun xaricindədir. Beyin, bu xüsusiyyətlərin ortaya çıxmasında yalnız bir vasitəçi funksiyasını yerinə yetirir. Yəni ruhun öz xaricindəki dünya ilə əlaqəsi, beyində cəmlənən qəbul mərkəzləri sayəsində reallaşır.

Şüurla bağlı apardığı tədqiqatlarla tanınan məşhur alim Ecclesin bu mövzudakı izahı belədir:

"Materialist həllər bizim təcrübə etdiyimiz bənzərsizlik qarşısında çarəsiz qaldıqları üçün Mənlik və ya Ruh bənzərsizliyinə qeyri-adi, ruhi bir yaradılış xüsusiyyəti vermək məcburiyyətində qalıram. Nəzəri terminlərlə açıqlamaq lazım olsa: hər bir Ruh, döllənmə və doğum arasında inkişaf edən fetusa əkilmiş yeni bir İlahi yaradılışdır."

Şüur, bir anda ortaya çıxmış, yalnız insana xas üstün bir xüsusiyyətdir. Allah bu xüsusiyyəti insana düşünməsi üçün vermişdir. İnsanın etməsi lazım olan isə; aləmləri yoxdan var edən Uca Allahı lazım olduğu kimi tanıyıb təqdir etmək və özünə verilən saysız nemətə hər an şükr etməkdir.

MATERİALİZMİN AÇIQLAYA BİLMƏDİKLƏRİ VACİB MƏSLƏLƏRDƏN BİRİ: İNSAN ŞÜURU

Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin qaynağını əsla açıqlaya bilməz. Çünki, materialist fəlsəfədə yalnız maddənin varlığına inanılır. İnsan ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, sevinmə və mühakimə edə bilmə kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər bu mövzunu "insan şüuru zehni fəaliyyətlərin bir məhsuludur" deyərək üstündən keçməyə çalışırlar. Bu materialist alimlərdən biri olan Francis Crick həmin materialist iddianı belə açıqlayır:
Sevincləriniz, kədərləriniz, xatirələriniz və ehtiraslarınız, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz, əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların bir yerdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.- John Horgan, The Undiscovered Mind: How the Human Brain Defies Replication, Medication, and Explanation , New York:Free Press, 1999, s. 258-259

Halbuki bu, nə elmi nə də məntiqi baxımdan müdafiə oluna biləcək bir iddia deyil. Materialistlərin insan ruhuna aid xüsusiyyətlərə belə bir açıqlama gətirmələrinə məcbur edən, onların materialist ilkin fikirləridir. Maddədən başqa bir varlığın mövcud olduğu həqiqətini qəbul etməmək üçün insan zehnini maddəyə "mənimsətməyə" çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun gəlməyən iddialara yönəlirlər. Məşhur yazıçı John Horgan, "mənimsətməçilik" adı verilən həmin materialist düşüncəyə bağlı olmasına qarşı, Francis Crickin bu iddiasının qəbul edilə bilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf edir:

Bir tərəfdən Crick haqlıdır. Biz neyron paketindən başqa bir şey deyilik. Eyni zamanda, nə qəribədir ki, nevrologiyanın çatışmayan tərəfləri olduğu aydın oldu. Ağlı neyronlarla açıqlamaq, ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox qavrayış və fayda gətirmədi. Bir çox alternativ mənimsətməçilik (reductionism) var. "Biz xüsusi gen paketindən başqa bir şey deyilik". "Biz təbii seleksiyalarla formalaşanlardan başqa bir şey deyilik". "Biz fərqli mövzular üçün ayrılmış kompyuter maşınlarından başqa bir şey deyilik". Crickin iddiasına bənzəyən bu deyilənlərin hamısı müdafiə oluna bilər, ancaq hamısı yetərsizdir.- John Horgan, The Undiscovered Mind: .How the Human Brain Defies Replication, Medication, and Explanation , s. 258-259

Bu açıqlamaların əlbəttə hamısı yetərsiz, hətta demək olar ki, tamamilə məntiqsizdir. Ən qatı materialistlər belə bu həqiqəti əslində çox yaxşı anlayırlar. Necə ki, Darvinin ən yaxın müdafiəçilərindən olan materialist Tomas Huxley də "Şüur kimi bu qeyri-adi bir şey necə olub ki, sinir toxumalarının bir-biriylə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını ovuşdurduğunda içindən Cinin çıxması qədər açıqlana bilinməyəndir. "deyərək, şüurun neyronlar arası ünsiyyətlə açıqlana bilməyəcəyini ifadə etmişdir. John Horgan, The Undiscovered Mind: How the Human Brain Defies Replication, Medication, and Explanation , s. 229

Huxleydən müasir dövrümüzə qədər, insan şüurunun neyronlarla açıqlana bilinmədiyi həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi, elmin bu mövzudakı tapıntılarının yetərsizliyi deyildir. Əksinə, nevrologiya mövzusunda 20-ci əsrin xüsusilə sonlarında çox yeniliklər olmuş, bir çox qaranlıq hissələr aydınlığa qovuşmuşdur. Ancaq bunlar, insan şüurunun əsla maddəyə mənimsədilməyəcəyini, maddədən başqa bir həqiqətin axtarılması lazım olduğunu ortaya qoyur. Necə ki, Almaniyanın məşhur darvinist-materialist yazıçılarından biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun açıqlana bilməyəcəyini belə etiraf edir:

İzlədiyimiz təbiət tarixi və genetik inkişaf yolu ilə, şüurun, ruhun, zəkanın və duyğunun nə olduqları ilə bağlı bir cavab verə bilməyəcəyimiz gün kimi aydındır. Çünki psixi-əqli ölçü ən azından bu dünyada, hal-hazırda, təkamülün gəlib çata bildiyi ən üst ölçüdədir. Bu səbəbdən də, təkamülün digər mərhələ və pillələrinə, yenə şüurumuz vasitəsilə, xaricdən onların üstünə yüksələrək baxa bildiyimiz halda, şüurun (ruhun) özünə belə bir yanaşma ilə yaxınlaşma imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha inkişaf etmiş bir üst mərci yoxdur.- Hoimar Von Ditfurth, Dinozavrların Səssiz Gecəsi 3, s. 13

Amerikalı filosof William A. Dembski, Converting Matter into Mind (Maddəni Zehnə Çevirmək) adlı bir məqaləsində insan beynindəki neyronların bio-kimyəvi fəaliyyətinin aydın olduğunu və bunun hansı zehni fəaliyyətlərlə əlaqədar olduğunun təsbit edildiyini, amma qərar vermək, istəmək, fikir irəli sürmək kimi xüsusiyyətlərin "maddəyə mənimsədilmədiyini" və şüuru araşdıran mütəxəssislərin bu mənimsətməçiliyin səhvini gördüyünü belə yazır:

... Elm adamlarının bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq ümidindən onsuz da imtina etmiş olduqları görsənir... Materializmə olan bağlılıq dəvam etsə də, insan ağlını neyron səviyyəsində açıqlama ümidi artıq ciddi bir düşüncə deyildir... William A. Dembski, Converting Matter into Mind, 1998, www.arn.org

Şüurun, materialist dünya görüşü ilə açıqlanması, elm nə qədər inkişaf etsə də, mümkün deyil, çünki beyin haqqında nə qədər detal ortaya çıxarsa, zehnin maddəyə mənimsədilə bilmədiyi də o qədər ortaya çıxır. Materialistlər, insan şüurunu həqiqətən qavramaq istəyirlərsə, ilkin fikirlərini və vəsvəsələlərini buraxaraq düşünməli və axtarmalıdırlar. Çünki şüurun əsl mənasını maddə ilə açıqlamaq mümkün deyil. Şüur, Allahın insanlara verdiyi ruhun bir funksiyasıdır.

MATERİALİSTLƏRƏ SUALLAR

İnsanların düşüncələrinin, mühakimə və hökm etmə qabiliyyətlərinin, qərar alma mexanizmlərinin, sevinc, həyəcan, ümidsizlik kimi duyğularının beyinlərindəki neyronların bir-birləriylə qarşılıqlı təsirdə olduğunu irəli sürmək olduqca məntiqsiz bir iddiadır. Mövzunu bir az əhatəli düşünən materialistlər də bunu başa düşürlər. Məşhur materialist Karl Lashley insan şüurunun maddəyə mənimsədilə biləcəyini uzun illər müdafiə etməsinə baxmayaraq, kariyerasının sonlarına doğru bu şərhi etmişdir:

Zehin-bədən əlaqəsi istər real bir metafizik mövzu, istərsə də sistemli bir aldanış olaraq ifadə olunsun, bu mövzu psixoloqlar və insan problemi ilə maraqlanan nevroloqlar üçün bir problem olmağa davam edir... Necə olur ki beyin, bir fiziki-kimyəvi sistem olaraq, bir şeyi qəbul edə bilir və ya bilə bilir; ya da bunu etdiyinə dair bir aldanma içində olduğunu düşünə bilir? William A. Dembski, Converting Matter into Mind, 1998, www.arn.org

Lashley, həmin ziddiyyəti tək bir sual ilə ifadə etmişdir. Halbuki bu mövzuda materialistlərin özlərindən soruşmaları və üstündə düşünmələri lazım olan daha çox detal vardır. Aşağıdakı açıqlamalar, materialist yanaşmanın bunları açıqlaya bilmədiyini sübut etməsi baxımından üzərində düşünülməsi lazım olan mövzulardan bir neçəsidir:

- Düşüncələrin, həyəcan və duyğuların neyronların bir məhsulu olduğunu söyləmək, bütün bunların əslində neyronları meydana gətirən şüursuz atomların, hətta atomların alt hissəcikləri olan kvarkların, elektronların məhsulu olduğunu iddia etmək ilə eynidir.



- Şüursuz atomlar, sevinməyi, ağrını, həyəcanı, musiqidən zövq almağı, ləzzəti, dostluğu, söhbət zövqünü bilməzlər.

- Şüursuz atomlar darvinist və materialist olub, bir yerə gəlib kitab yaza bilməzlər.

- Şüursuz atomlar, elektron mikroskopunun altında özlərini və ya özlərinin bir yerə gəlib meydana gətirdiyi sinir hüceyrələrini araşdırıb, bu araşdırmalarından elmi nəticələr çıxara bilməzlər.

- Görəsən, "şüur beynimizdəki neyronlardadır" deyərkən tam olaraq nə nəzərdə tutulur? Neyronlar da digər hüceyrələr kimi hüceyrə pərdəsi, mitoxondri, DNT, ribozom kimi materiallardan meydana gəlir. Görəsən şüur, materialistlərə görə, bunların harasındadır? Şüurun, neyronlar arasındakı kimyəvi reaksiyalar və elektrik siqnallarından yarandığı zənn edirlərsə, səhv edirlər. Çünki bizə bildikləri bir "şüurlu kimyəvi reaksiya" söyləyə bilməzlər və ya müəyyən bir gərginlikdə "düşünməyə" başlayan bir "elektrik cərəyanı" göstərə bilməzlər.

Materialistlər, bu mövzular üzərində səmimi olaraq düşündüklərində, özlərinin də, digər bütün insanların da neyron yumağından və ya atom yığınından daha fərqli varlıqlar olduğunu qavrayacaqlar. Beyin mütəxəssisi Wolf Singer, bir materialist olmasına baxmayaraq, qarşılaşdığı bu həqiqəti belə etiraf etmişdir:

Kainatın bu ən mürəkkəb maddəsində özünü "Mən" olaraq hesab edən bir "şey" var. Respublika Elm Texniki Jurnalı, 7 İyul 2001, ədəd 746, s. 18; DerSpiegel, 1/2001, Nilgün Özbaşaran Dede  

Bu alimin ifadə etdiyi "şey" Allahın insana verdiyi ruhdur. İnsan sahib olduğu bu ruh ilə düşünə bilən, sevinə bilən, həyəcanlana bilən, fikirlər irəli sürən, əksinə fikirlərə qarşı çıxa bilən, qürur, hörmət, sevgi, dostluq, vəfa, səmimiyyət, dürüstlük kimi anlayışları bilən bir varlıqdır. Neyronlar və onları meydana gətirən atomlar isə düşünə bilməzlər, qərar verə bilməzlər, fəlsəfi fikirlər irəli sürə bilməzlər, sevgi, şəfqət hisslərini bilməzlər. Bunu, materialistlərin çoxu da tək başlarına qaldıqlarında bilir və qəbul edirlər. Ancaq materialist ön mühakimələri və elmin və ağlın tələbi olan düşünmədən uzaq olduqları üçün bu açıq-aşkar həqiqəti qəbul etmirlər. Halbuki, materializmi müdafiə etmək üçün içinə qarşılaşdıqları vəziyyət və qəbul etdikləri ağla sığmayan məntiqlər, onlara daha böyük zərər verir. "Düşüncələrimiz atomlarımızın, yalnız neyronlarımızın məhsuludur" deyən bir insanın, xülyalarını həqiqət zənn edən və ya ağla sığmaz nağıllar uydurub sonra bunlara özü inanan bir insandan heç bir fərqi yoxdur.

Gerçək olan isə budur: İnsan, Allahın ona verdiyi ruhu daşıyan, bu ruh ilə düşünən, danışan, sevinən, qərarlar verən, mədəniyyətlər quran, ölkələri idarə edən bir varlıqdır.