İDEALİZM VƏ MADDƏNİN ƏSLİ

Fəlsəfədə, ən geniş mənada, mənəvi güclərin kainatdakı bütün dövrləri ya da baş verənləri təyin etdiyini müdafiə edən bütün fəlsəfi təlimlər daxil olmaqla istifadə edilən "idealizm" termini, mövcud olan hər şeyi "düşüncə"yə bağlayıb ondan çoxalan; düşüncə xaricində obyektiv bir həqiqətin mövcud olmadığını, başqa sözlə desək, düşüncədən azad olan bir varlığın və ya maddi həqiqətin olmadığını dilə gətirən fəlsəfi düşüncələri xarakterizə edir.

İdealizm, varlığın düşüncədən azad olaraq mövcud olduğunu qəbul edən "reallıq", "maddəçilik" və "təbiətçilik" fəlsəfi anlayışlarının tamamilə əks qütbündə dayanır. Fəlsəfədə İdealizm dünyanın əsasının qoyulmasında ən əhəmiyyətli vəzifənin şüura və ya maddi olmayan zehnə istiqamətlənmiş bir həqiqət qanunu inkişaf etdirmək düşüncəsi üstündə qurulmuşdur. İdealizm anlayışının əsası əvvəl Platonun "İdealar Dünyasının Qanunu" ilə qoyulmuş, daha sonra müxtəlif filosoflar tərəfindən təqdim edilən izahlarla gücləndirilmişdir.

Metafizikada idealizm, bütün fıziki obyektlərin tamamilə beyindən asılı olduğu, onlarla eyni şüurda olan bir beyin olmadan metafizik mənada heç bir varlığın olmadığı anlayışına qarşı gəlir. Başqa sözlə desək, metafizik idealizmə görə reallıq hər vəziyyətdə zehindən asılı olduğu üçün onun əsl qanunları da ancaq mənəvi bir şüur qaynağına müraciət edilərək öyrənilə bilər. Buna qarşı, idealizm ilə tamamilə əks mövqedə dayanan materializm zehnin və ya şüurun vəhdət halında fiziki elementlərlə məlumat əksikliyi yaradacağını iddia edir.



İdealistlər təbiətdəki şeyləri və ya obyektləri, hər şeyin öz-özünü yaradan tək bir gücün və ya enerjinin keçici görüntüləri olaraq qəbul edir; varlığın bütün görüntülərində tək bir mənanın yatdığını düşünür; yaradılışı tək bir birlik kimi zənn edir; ağlın təmin etdiklərinin xaricində gerçəkliyə çatmağın qeyri-mümkün olduğunu iddia edir; gerçəkliyi "idea"olaraq təyin edib maddəni bunun əks olunması hesab edir. Fəlsəfi mənada idealizm dünyanın yalnız düşüncələrin, zehnin, ruhun, və ya daha doğrusu fiziki dünya yaranmamışdan əvvəl mövcud olan ideanın bir əks olunması olduğu düşüncəsi ilə hərəkət edir. Hiss etdiklərimizlə bildiyimiz maddi şeylər qüsursuz ideanın qüsurlu surətləridir. Antik dövrdə bu fəlsəfənin ən məşhur müdafiəçisi Platon idi. Ancaq idealizmin başlanğıcı e. ə VI əsrə ilk çağ yunan fəlsəfəsində Ksenofanesə qədər uzanır. Ksenofanes çox olanı birə sadələşdirmiş və bu biri "bütün düşünmə" olaraq təyin etmişdir. Ksenofanesin təlimi metafizikanın banisi olan şagirdi Parmenidesin qurduğu Eleya məktəbinin vasitəsilə daha da inkişaf etmişdir: "Varlıq dəyişməz və birdir; subyekt və obyekt bir və eynidir."

Platona görə "əsl varlıq idea, düşüncə varlığıdır." Platon "düşünülən dünya" (idealar dünyası) ilə "eşidilən dünya"nı (fenomenlər dünyasını) ayırmışdır; eşidilən dünyanı kölgələrdən ibarət bir görüntülər dünyası olaraq təsvir edərkən, düşünülən dünyanı dəyişməz həqiqətlər deyə gördüyü idealardan yaranan əsl dünya olaraq elan etmişdir.

Eyni fikir Kantdan əvvəl İrlandiyalı rahib və filosof Corc Berkli və klassik İngilis ampiristlərinin ən sonuncusu David Hume tərəfindən də iddia edilmişdir. Hər şeydən əvvəl bunu söyləyə bilərik: "Dünyanı duyğularım vasitəsilə izah edə bilərəm. Buna görə də mövcud olduğunu bildiyim tək şey hiss etdiklərimdir. Məsələn bu almanın mövcud olduğunu söyləyə bilərəmmi? Xeyr. Bütün söyləyə biləcəyim onu görə bilirəm, hiss edə bilirəm, qoxlaya və dadına baxa bilirəm. Bu baxımdan, əslində bir maddi dünyanın mövcud olduğunu heç bir şəkildə söyləyə bilmərəm." Ümumi şəkildə idealizmin məntiqinə görə əgər gözlərimi bağlasam dünya var olmaqdan çıxar. Berkeley idealist fikirlər irəli sürsə də, idealist düşüncə əsl inkişafını Kantla birlikdə göstərmişdir.

Öz fəlsəfəsini "maddə tanımayan" adlandıran Berkliyə görə isə iki növ real varlıq -zehinlər və idealar var; fiziki obyektlər isə duyğuların idealarının cəmidirlər. Bu səbəbdən, Berkliyə görə, bir almanı hiss etdiyimizi söylədikdə doğrudan da anladığımız şey yalnız duyğularla görüntülərin bir cəmi olacaq. Buna görə də məhdud bir zehin tərəfindən qəbul edilməyən şeylər yoxdur; şeylər zehnimizə məhdud zehin tərəfindən qəbul edildikdə çatır. Berkli şeyləri onlara təyin etdiyimiz xüsusiyyətlərlə bağlı duyğu təcrübəmizdən istifadə edərək qavraya bilməyəcəyi düşüncəsi ilə, fiziki obyektlərin yaradılışının qavramaq olduğunu, fiziki obyektlərin yalnız idealar olaraq mövcud olduqlarını irəli sürür. Berklinin fiziki şeylərin onları qavrayan kimsə olmadıqda da mövcud kimi görünmələri sualına olan cavabı onların Allahın yaddaşında mövcud olduqlarıdır. Düşüncəmizdə şeylərin varlığını yaradan yeganə güc Allahdır.


SURƏTİNİ İZLƏDİYİMİZ HƏYATIMIZ

Əlinizə bir kitab alın. Bu anda əlinizdə tutduğunuzu düşündüyünüz bu kitab yazı və şəkilləri ilə, parlaq və canlı rəngləri ilə əslində beyninizdə seyr etdiyiniz üç ölçülü bir görüntüdür... Kitabın üz qabığına əlinizi qoyduqda hiss etdiyiniz qabarmalar da eyni şəkildə beyninizdə toxunduğunuz kitaba aiddir...

Kitaba baxdıqda kitabın səhifələrindən əks olunan işıq gözünüzün retina hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilir. Optik sinirlər vasitəsilə qəbul olunan bu siqnallar kitabın şəkli, rəngi, qalınlığı kimi xüsusiyyətləri haqqında məlumatları beynin görmə mərkəzinə ötürürlər. Burada ötürülən siqnallar tam mənalı bir hala gətirilir; beləcə kitabın görüntüsü sizin üçün beyninizin içindəki qaranlıqda yenidən yaranmış olur. Beləliklə "gözümlə görürəm", "kitab qarşımdadır" kimi ifadələr əslində gerçəkləri əks etdirmir. Gözün vəzifəsi yalnız özünə gələn işığı elektrik siqnalına çevirməkdir. Təmasda olduğunuz kitab görüntüsü də zənn edildiyi kimi sizin xaricinizdə deyil əksinə içinizdədir. Bundan əlavə zehninizdə yaranan bu görüntünün gerçəkləri əks etdirib- etdirmədiyindən və ya maddi bir qarşılığı olub-olmadığından da heç bir zaman əmin ola bilməzsiniz.



Dünyanı qavrayış şəklimiz "xaricimizdə" yəni, bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandıracaq mükəmməllikdədir. Görüntülərdə heç bir qüsur olmadan, saysız-hesabsız detaldan ibarət olan, çox parlaq və rəngli bir dünya ilə təmasda olmağımız bizə duyğular dünyasında yaşadığımız həqiqətini unutdura bilər. Ancaq bütün bu görüntülər əslində beynimizin içində yaranır.

Bəlkə səhifələrin sürüşkənliyini əlinizdə hiss etdiyiniz üçün kitabı xaricinizdə zənn edə bilərsiniz. Halbuki, bu sürüşkənlik hissi də eyni görmə qavrayışı ilə birlikdə beyninizdə meydana gəlir. Dərinizdəki sinirlər oyandıqda bu elektrik siqnalları halında beynə göndərilir. Beyindəki toxunma mərkəzinə çatan bu bildirişlər toxunma, təzyiq, sərtlik-yumşaqlıq, istilik-soyuqluq kimi hisslər olaraq qavranılır. Siz beyninizdə kitaba toxunduqda kitabın sərtliyini, səhifələrinin sürüşkənliyini ya da üz qabığındakı qabarmaları qavradığınıza dair hisslərə sahib olursunuz. Əslində isə, heç bir zaman bu kitabın əslinə toxuna bilməzsiniz. Toxunduğunuzu hesab etdiyinizdə əslində beyninizin içində kitabın səhifələrini çevirir, beyninizin içində səhifələrin incəliyini, sürüşkənliyini hiss edirsiniz.

Eyni vəziyyət digər duyğulara da aiddir. Titrəyən bir gitaranın teli havada səs dalğaları yaradır. Bu dalğalar daxili qulaqda olan tükcükləri hərəkətə gətirir və bu titrəşmələr elektrik xəbərdarlığı halında beyninizin uyğun mərkəzinə göndərilir. Bu siqnalların beyinə çatması nəticəsində isə gitara səsi eşitdiyinizi hiss edirsiniz.

Qoxu hissi də eyni şəkildə beyninizdə yaranır. Bir limonun qabığından çıxan kimyəvi molekullar burundakı qoxu qavrayışına təsir edir. Buradan elektrik siqnalı halında beynə ötürülür.
Qısası, bütün qavrayışlarınız -gördüyünüz, eşitdiyiniz, dadına baxdığınız, toxunduğunuz və qoxladığınız şeylər- beyninizdə sizə xüsusi olaraq təkrar yaradılır. Buna görə də "ətrafımdakı dünyanı qavrayıram" deyərkən, zehnimizdə yaranan rənglərin, şəkillərin, səslərin və qoxuların surətlərindən bəhs edirik.

Dünyanı qavrayış şəklimiz "xaricimizdə" yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandıracaq mükəmməllikdədir; amma içində olduğumuz vəziyyətin gecə gördüyümüz yuxulardan çox da fərqli bir tərəfi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələri, səsləri və görüntüləri və hətta bədənimizi də hiss edirik;... Düşünürük və mühakimə edirik; qorxu, hirs, məmnuniyyət və sevgi hissləri keçiririk.

Digər insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir mübadiləsi edirik. Qısası, yuxumuzda da ətrafımızda maddi bir dünya olduğu fikrinə qapılırıq. Bu hal oyanıb da yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə yaşandığını anlayana qədər dəvam edir...

Oyanıb "hər şey bir yuxu imiş" dediyimizdə isə yaşadığımız təcrübənin əslində fiziki bir həqiqətə bağlı olmadığını, bütün baş verənlərin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuz zaman isə dünyanı qavrayışımızın fiziki dünyada qarşılıqları olduğunu fərz edirik. Ancaq oyaq olduğumuz zamanki təcrübələrimiz də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır.

Oyaq olduğunuzu düşünməyinizin səbəbi böyük ehtimalla kompyuterinizin mausunu əlinizdə tutduğunuzu hiss etməyiniz, oxuduğunuz yazıları şərh edə bilməyiniz, bütün hadisələrin çox əsaslı bir şəkildə davam etməsi kimi səbəblərdir. Lakin bunların hamısı –mausu tutduğunuz əliniz, ətrafınızda olan əşyalar, otağın içindəki mövqeyiniz beyninizdə seyr etdiyiniz surətləridir. "Bu anda oyaqsınızmı, yoxsa yuxumu görürsünüz?" kimi bir sualla qarşılaşsanız cavabınız "əlbəttə ki oyağam" şəklində olacaq. Bəlkə bu sualı bir çox hallarda yuxularınızda da soruşmusunuz. Lakin bu suala yuxunuzda verdiyiniz cavabın -oyaq olduğunuz cavabının oyandıqdan sonra yanlış olduğunu görmüsünüz. Yaxşı, eyni yanlışı bu anda da təkrarlamırsınızmı? Bu anda da yuxu görmədiyinizin, hətta bütün həyatınızın bir yuxu olmadığının zəmanətini sizə kim verə bilər? Bütün bunlara görə, yaşadığınız dünyanın gerçək olmasından necə əmin ola bilərsiniz?