HƏR ŞEYİN XƏYALI İLƏ TƏMASDAYIQ

Xaricimizdə olan maddi dünyanın əslinə çatmağımızın qeyri-mümkün olması dünyadakı ən böyük həqiqətlərdən biridir. İnsanların böyük əksəriyyəti bu qeyri-adi həqiqətdən qorxurlar, elmi olaraq da sübut edilmiş bu həqiqəti inkar etmək üçün müxtəlif yollara üz tuturlar. Bu həqiqəti təkzib etmək üçün yollar axtarır və ya heç düşünməyərək bundan qaça biləcəklərini zənn edirlər.

Bu insanlar maddənin mütləq mövcud olduğunu sübut etmək üçün axtarışdadırlar. Heç bir əsası olmayan, məntiqsiz fikirlər irəli sürür və özlərinə xaricimizdə olan maddənin əslinə çatmağımızın qeyir-mümkünlüyünü izah edənlərə qarşı çıxırlar.

Maddənin mövcud olduğunu fərz edək. Yəni bizim xaricimizdə olan maddi bir dünyanın mütləq olaraq mövcud olduğunu düşünək. Bəs bizim üçün dəyişən nədir?


BİZ XARİCİ DÜNYAYA ƏSLA ÇATA BİLMƏRİK

Həyatımız boyu beynimizin içindən heç bir şəkildə çıxa bilmərik. Beynimizin içindəki bir neçə sm3-lik kiçik otaqda bütün dünyanı həqiqət zənn edərək yaşayarıq. İnsanın baxdığı hər mənzərə, eşitdiyi hər gözəl melodiya, daddığı hər yemək, qoxuladığı hər çiçək, toxunduğu hər canlı yalnız elektrik axını olaraq beyindəki kiçik otaqda meydana gəlir. İnsan bu elektrik siqnalları sayəsində yaşadığı mükəmməl keyfiyyətdəki bütün hisslərdən müxtəlif zövqlər alır. Beyninin içindəki süfrədə önünə gətirilən yeməyi zövqlə dadır, beyninin içindəki çəmənlikdə ən gözəl qoxuları içinə çəkir, beyninin içindəki məkanda ətrafındakı mənzərəni seyr edir. Yəni bütün həyatını əslində beyninin içində yaşayır.



Maddənin əsli ilə heç vaxt təmasda olmaq mümkün deyil. Çünki xaricimizdə bir şeylər olduğunu qəbul etsək belə, bu varlıqların heç biri beyinə olduğu şəkildə çatmır, ancaq elektrik siqnalları göndərilir. Görüb eşitdiyimiz hər şey əslində beynimizdəki bu sinir siqnallarıdır. İnsan beyninin içindəki görüntüyə diqqətini cəmləmişdir və xaricdə olanı əsla görə bilməz. Sahib olduğu hər şeyi - malını, sərvətini, işini, məktəbini, ailəsini, dostlarını beynində hiss edir və bundan kənara əsla çıxa bilmir. Beyinə gedən sinirlər kəsildikdə insan üçün onun xaricində mövcud olduğunu düşündüyü dünya da yox olmuş deməkdir.

Bəs bu halda, insan həmişə beynindəki surətləri görürsə, onun xaricində əsillərinin olub-olmamasının bir mənası varmı?

Əlbəttə xarici dünyanın varlığı insan üçün heç bir şey ifadə etmir. Biz ancaq beynimizdə yaranan görüntüləri görə bilir, səsləri eşidə bilirik. Bizim tanıdığımız tək dünya beynimizdə yaranan dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur. Xaricimizdə həqiqi bir dünyanın var olub-olmadığını heç bir zaman bilə bilmərik. Xaricimizdə əsilləri olduğunu fərz etsək belə, beynimizin xaricinə əsla çıxa bilmərik. Nə etsək də, beynimizin xaricinə çıxıb seyr etdiyimiz görüntünün əsilləri ilə təmasda ola bilmərik. Elə isə beynimizin xaricində nə olub-olmadığı da bizim üçün bir əhəmiyyət kəsb etmir.

İnsan, beyninin içinə bütün kainatı yerləşdirə bilən, bütün kainatı insan ruhuna izlətdirən Allahın qeyri-adi sənəti qarşısında "O"na təslim olmalıdır.


XARİCİMİZDƏ MADDƏNİN MÖVCUD OLDUĞUNU İDDİA EDƏNLƏRİN TƏK SÜBUTLARI YENƏ DƏ XƏYALLARIDIR

Bir dağın zirvəsində oturub ətrafındakı bənzərsiz mənzərəni seyr edən bir alpinist bu qeyri-adi gözəlliyi beyninin içində gördüyündən xəbərsizdir. Halbuki, bu ucsuz-bucaqsız görüntü alpinistin beyninin içində olan bir neçə santimetr böyüklüyündəki görmə mərkəzində meydana gəlir. Gördüyü isə ancaq mənzərədən gələn şüaların əks olunmasından başqa bir şey deyil. Yəni əslində o mənzərəni deyil, mənzərənin elektrik siqnallarından yaratdığı bir-birinə tam eynilə bənzəyən surətini görür.

Bu bənzərliyə görə alpinist mənzərənin onun xaricindəki əsli ilə qarşı-qarşıya olduğunu düşünür. Onun xaricində maddənin mövcud olduğuna inanır. Dünya yaradıldığından bəri heç kimin əslini görə bilmədiyi dağ mənzərəsinin varlığı haqqında təkid edir. Əlbəttə, insan buna inanmaqda azaddır, yəni özünün xaricində bir dağın mövcud olduğunu və ona aid mənzərəni seyr etdiyini düşünə bilər. Ancaq bu insan bunu da yadından çıxarmamalıdır ki, dünya yaradıldığından bəri heç bir insan maddənin əslini görmədiyinə görə o da heç kimin görmədiyi bir şeyə "var" deyir. Əlindəki tək sübutu beynində yaranan xəyaldır.



Bu halda "maddə" insanların gördükləri xəyallara verdikləri addır deyə bilərikmi? Məhz bu çox doğru qərardır. İnsanın həyatına aid bildiyi hər şey gözləri ilə gördükləri, qulaqları ilə eşitdikləri, əlləri ilə toxunduqlarından, qısacası duyğu orqanları ilə hiss etdiklərindən meydana gəlir. Kosmosdakı ulduzlar, üzərində yaşadığımız dünya, dünyandakı milyardlarla insan, ətrafımızda gördüyümüz hər bir canlı, evimiz, evimizin içindəki əşyalarımız, bu an üzərində oturduğumuz stul, əlimizdə tutduğumuz kompüterin mausu və daha milyonlarla detalla indiyə qədər min dəfələrlə qarşılaşmışıq. Ancaq insanların gözardı etdiyi çox əhəmiyyətli bir həqiqət var: Heç bir insan indiyə qədər bu saydıqlarımızın heç birinin əslini görməyib.

İnsanlar yalnız ətraflarındakı hər bir detalın beyinlərinə çatan surətlərini görüblər. Ancaq heç kimin görmədiyi "maddə" deyilən bu varlığa inanıblar. Halbuki, maddə insanların gördükləri və xəyallara verdikləri bir addan başqa bir şey deyil. Heç bir insanın maddənin əslinin nəyə bənzədiyini bilməsi mümkün deyil. Çünki heç bir maddənin əsli ilə heç bir zaman təmasda olmamışdır.


MÖVCUD OLDUĞUNU FƏRZ ETDİYİMİZ XARİCİMİZDƏKİ DÜNYADA MÜTLƏQ QARANLIQ VƏ BÖYÜK SƏSSİZLİK HAKİMDİR

Xaricimizdə bir dünya olduğunu fərz etsək də, bu dünya əslində insanların gördüklərinin tamamilə əksinə bir dünya olmalıdır. Çünki xaricimizdə işıq, rəng və səs kimi anlayışlar mövcud deyil. Yəni maddi dünyanın mövcud olduğunu irəli sürən insanın mütləq qaranlığın və mütləq səssizliyin hakim olduğu, işığın və rənglərin heç bir tonunun olmadığı, qorxulu məkanın varlığını qəbul etməsi lazımdır. Bu vəziyyəti daha ətraflı araşdıraq.

Görmə hadisəsinin necə baş verdiyini izah edərkən həmişə kənardan gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün yaranmasına səbəb olduğunu bildirdik. Ancaq burada vacib bir məqamı qeyd etməliyik. Əslində, beynimizin xaricində bizim bildiyimiz kimi işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə beynimizdə yaranır. Xaricimizdəki dünyada yəni, beynimizin xaricində işıq olaraq təyin etdiyimiz şey elektromaqnit dalğaları və fotonlardır (fotonlar dənəcik şəklindəki enerjidir). Bu elektromaqnit dalğaları və ya fotonlar retinaya çatdıqda bizim bildiyimiz "işıq" yaranır. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:
İşıq kəlməsi fiziki və ya obyektiv mənada elektromaqnit dalğaları ilə və ya fotonlarla əlaqədar olaraq istifadə edildi. Eyni kəlmə psixoloji mənada elektromaqnit dalğaları və fotonlar göz retinasına çatdığı vaxt insanda oyanan hisslə əlaqədar olaraq da istifadə edilir. İşıq kəlməsinin həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: İşıq bir insan gözündə retinanın xəbərdarlığı ilə yaranan, görmə təsirləri ilə varlığını göstərən enerji formasıdır.

Nəticədə işıq gözümüzə gələn bəzi elektromaqnit dalğalarının və ya hissəciklərinin bizdə yaratdığı təsirlə meydana gəlir. Yəni xaricimizdə beynimizdə olan görüntünü meydana gətirəcək işıq yoxdur, mütləq qaranlıq hakimdir. Yalnız bir enerji var və bu enerji gözümüzə çatdıqda beynimizdə rəngarəng, parlaq, aydın dünya hiss edilir.

Eyni şəkildə beynimizin xaricində mövcud olduğu iddia edilən dünyada rəng də yoxdur. Xaricimizdə müxtəlif dalğa uzunluğuna malik elektromaqnit dalğalar var. Gözümüzə çatan isə bu müxtəlif dalğa uzunluqlarında olan enerjidir. Yuxarıda da qeyd edildiyi kimi, biz buna işıq deyirik, ancaq bu bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, yalnız enerjidir. Beynimiz bu müxtəlif dalğa uzunluğuna malik enerjini qəbul etdikdə biz bunları "rənglər" olaraq görürük. Halbuki, biz xaricimizdəki dünyanın mövcud olduğunu qəbul etsək belə, həqiqi mənada dünyada nə dənizlər mavi, nə çəmənlər yaşıl, nə torpaq qəhvə rəngli, nə də meyvələr rənglidir. Onlar yalnız beynimizdə elə qəbul etdiyimiz üçün elədirlər. Şüur və beyin mövzusunda yazdığı kitabları ilə tanınan Daniel C. Dennet bu həqiqəti belə açıqlayır:

Dünyada rəng yoxdur. Rəng yalnız baxan insanın gözündə və beynində meydana gəlir. Cisimlər işığın müxtəlif dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur.
  




Beyinə gedən sinirlər kəsildikdə beyində heç bir görüntü yaranmayacaq. Bu vəziyyətdə insanın "xaricimdə gördüyüm görüntülərin əsilləri var" deməsinin heç bir mənası olmayacaq. Çünki bu əsilləri "mövcud olsalar belə" heç bir zaman görə bilməyəcək.

Bu məlumatlar - işıq, qaranlıq, ağ, yaşıl, sarı, şəffaf kimi anlayışların beyində qəbul edilən hisslərdən ibarət tamamilə nisbi anlayış olduğunu göstərir. Həqiqətdə xaricimizdəki dünyada nə işıq, nə də rəng var. Şərh etmək tamamilə bizə aiddir. Gözdə yaranan bir qüsur və ya quruluşundakı bir fərq gələn fotonları müxtəlif elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə olsa belə, göz tərəfindən işlənilən siqnallar eyni cisimin çox fərqli şəkillərdə qəbul edilməsinə səbəb olacaq. Rəng korları ilə normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul etmələri və şərh etmələri bundan irəli gəlir.

Buna görə də beynimizin xaricində rənglər və işıq yoxdur. Yalnız elektromaqnit dalğaları və ya hissəcikləri şəklində hərəkət edən bir enerji var. Həm rənglər, həm də işıq yalnız bizim beynimizdədir. Yəni biz bir limonu sarı olduğu üçün sarı rəngdə görmürük. Bizim bir limonu sarı görməyimizin səbəbi retinamıza çatan enerjinin beynimiz tərəfindən sarı olaraq qəbul edilməsidir.

Burada çıxaracağımız nəticə budur: Varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər "xaricimizdəki dünyada" deyil, beynimizdədir. Bizlər heç bir zaman hiss etdiklərimizdən kənara çıxıb xaricimizdəkinə çata bilməyəcəyimizə görə maddələrin, ya da rənglərin varlığını da bilə bilmərik. Məşhur filosof Berkeley də bu həqiqətə bu sözləri ilə diqqət çəkir:

Qısacası, eyni cisimlər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, başqaları üçün tam əksi ola bilirsə, bu o deməkdir ki, biz xəyalların təsirindəyik və “cisimlər” ancaq bizim zehnimizdə mövcuddur...

Bu vəziyyət səslər üçün də eynidir. Mütləq varlığı olduğunu düşündüyümüz xaricimizdəki dünyada işıq və rəng kimi səs də yoxdur. Bütünlüklə səssizlik hökm sürür. İnsanların çoxu xaricimizdəki dünyada bəzi səslər olduğunu və bizim də bu səsləri qulağımızla eşitdiyimizi düşünür. Məsələn, radionun səsini sonuna qədər açan insan radiodan çox yüksək səs çıxdığını və bu səsi eşitdiyini zənn edir. Halbuki, əslində, insanın beyninin xaricində heç bir səs yoxdur. Dünya tamamilə səssizdir.

Beynimizin xaricindəki dünyada yalnız titrəyişlər var. Bu titrəyişlər isə yalnız qulaqlarımız və beynimiz tərəfindən səsə çevrilir. Yəni, eşidəcək qulaq və beyin olmadığı təqdirdə səs də yoxdur. İnsanların mövcud olduğunu iddia etdikləri maddi dünya tək bir insan səsinin, melodiyanın, külək uğultusunun, hətta tək bir yarpaq xışıltısının belə eşidilə bilməyəcəyi səssizliyin hökm sürdüyü qapqaranlıq bir məkandır.


ƏSLA ÇATA BİLMƏDİYİMİZ “MADDƏ”NİN VARLIĞINI NECƏ SÜBUT EDƏ BİLƏRİK?

Əsli ilə heç bir zaman və heç bir şəkildə təmasda ola bilmədiyimiz və ola bilməyəcəyimiz maddi dünyanın varlığını sübut etməyimiz də mümkün deyil. Belə bir vəziyyətdə göstərə biləcəyimiz dəlillər yenə beynimizdə yaşadığımız xəyaldan kənara çıxa bilməz. Bir xəyali dəlil olaraq istifadə etmək isə nə dərəcədə məntiqlidir?

Əlbəttə, belə bir şeyi müdafiə etmək olduqca məntiqsizdir. İstəyən insan, buraya qədər izah edilən bütün həqiqətlərə baxmayaraq, özünün xaricində qorxulu, qapqaranlıq və tamamilə səssiz bir dünyanın varlığını iddia edə bilər. Bunu düşünməkdə sərbəstdir. Amma insanın gözü görə-görə sübutu mümkün olmayan bir şeyin varlığı üçün təkid etməsi çox məntiqsizdir.

İlk növbədə belə bir iddianı bütün həyatı boyu, nə qədər çalışırsa çalışsın, nə qədər çox insan yığa bilirsə yığsın, nə qədər müdafiə edirsə etsin sübut edə bilməyəcək. Həmçinin dəlilləri olmayan bu iddianın doğru olduğunu fərz etsək də özü üçün dəyişən heç bir şey olmayacaq və insan yenə yalnız xəyaldan ibarət olan bir dünyada həyatını davam etdirəcək, beyninin içindən bir an olsun xaricə çıxa bilməyəcək.

Bütün bunlara baxmayaraq, “mənim xaricimdə bir dünya var, maddə var, ağaclar, düzənliklər, evlər, insanlar var" deyən və bütün bu maddi dünyanın öz gördüyü ilə tamamilə eyni olduğunu söyləyərək özünü aldatmaq istəyən insan bunda sərbəstdir. Çünki bu bir inanc məsələsidir və özünün seçimidir.

Bir gün ölüm gəldikdə və axirət həyatı ilə qarşılaşdıqda, zənn etdiyi kimi bir dünyada yaşamadığını, dünyanın öz bildiyindən tamamilə fərqli olduğunu, bütün həyatını özünü aldadaraq keçirdiyinin anlayacaq, lakin bunu düzəltmək üçün artıq gec olacaq.

Allah bu insanlar üçün Quranda belə buyurur:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)