DƏRK EDİLƏN HƏQİQƏTLƏR

Ətrafınızda gördüyünüz, eşitdiyiniz, qoxladığınız, qısası beş duyğu orqanınızla hiss etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir. Ən çox sevdiyiniz sənətçinin səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin ətrafında uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən sürət motoru, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter, ya da dünyadakı ən keyfiyyətli texnologiyaya sahib musiqi setiniz...

Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan görüntülər bütünüdür. İnsanlar qısa həyatları boyu əslində heç bir reallığı olmayan hisslərlə sınanırlar. Bu hisslər isə xüsusilə bəzəkli və cazibədar göstərilir. Bu həqiqət Quranda belə xəbər verilir:

"Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır." (Ali İmran surəsi, 14)

İnsanların çoxu sahib olduqları, ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, dollarların, ləl-cəvahiratların, daşıdıqları pulqabılarının, kredit kartlarının, istifadə etdikləri şkaflarla dolu paltarların, son model avtomobillərin, qısası hər cür zənginliyin təsiri ilə dinlərini tərk edir, axirəti unudur və yalnız dünyaya yönəlirlər. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", "yerinə yetirilməli olan işlər var", "isonra edəcəyəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc əldə edəcəkləri ibadətlərə yönəlməzlər. Əksinə yalnız dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini keçirərlər. "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər." (Rum surəsi, 7) ayəsində də bu yanılma təsvir edilir.

Hər şeyin bir görüntü olduğu həqiqəti isə bütün bu ehtirasları və bağlılıqları mənasızlaşdırması baxımından çox vacibdir. Çünki bu həqiqətin dərk edilməsi, insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, həvəslə sahib olduqları mülklərinin, öyündükləri uşaqlarının, özlərinə ən yaxın hesab etdikləri yoldaşlarının, dostlarının, çox sevdikləri bədənlərinin, üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin xəyaldan ibarət olduğunu göstərir. Bu vəziyyətdə bunlara görə edilən ehtiraslar, keçirilən zamanlar, xərclənən səylər də boş və faydasızdır.

Bu halda bəzi insanlar sahib olduqları mal və mülkləriylə, yaxtalarıyla, vertolyotlarıyla, fabrikləriylə, holdinqləriylə, köşkləriylə, əraziləriylə sanki bunlar həqiqətən varmış kimi öyündükləri zaman alçalırlar. Yaxtalarında özləriylə öyünərək gəzən zənginlər, yoldaşlarına avtomobillərini nümayiş etdirənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla özlərini nümayiş etdiklərini zənn edənlər, əslində xəyal ilə nümayiş etdiklərini anladıqlarında nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Buna bənzər şeyləri yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, çox qiymətli ləl-cəvahiratları, dollarları, qızıl və gümüşləri vardır. Yuxularında da yüksək mövqedə olurlar, minlərlə insanın işlədiyi bir fabrikləri olur, çox sayda insana hökm edə biləcək gücləri olur, hər kəsin heyran olduğu paltarlar geyinərlər... Ancaq necə ki yuxuda sahib olduqları ilə öyünmək onları gülünc vəziyyətə salırsa, eyni şəkildə bu dünyada təmasda olduqları görüntüylə öyünmək də buna oxşardır. Yuxularında gördükləri də, bu dünyada təmasda olduqları da nəticədə zehinlərindəki bir görüntüdən ibarətdir. Bunun kimi dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da, həqiqtəi başa düşdüklərində insanları utandıracaq. Özündən çıxaraq dalaşanlar, qışqırıb bağıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanlara əziyyət edənlər, onları döyüb söyənlər, təcavüzkarlar, içləri mövqe ehtirası ilə dolu olanlar, həsəd edənlər, özlərini nümayiş etməyə çalışanlar, özlərini ucaltmaq üçün çalışanlar və digərləri xəyal içində bunları etdiklərini anlayanda rüsvay olacaqlar.
Bilinməlidir ki, "dünya" dediyimiz görüntüləri yaradan Allah olduğuna görə, bu dünyadakı bütün malın əsl sahibi də yalnız Allahdır. Necə ki bu həqiqət Quranda xüsusilə vurğulanır:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Əsli xəyal olan ehtiraslar uğrunda dini tərk etmək və bunun nəticəsində sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bundan əlavə insana sonsuz itki gətirir.

Bu mövzuda bu hissə çox yaxşı başa düşülməlidir: Qarşı-qarşıya olduğumuz həqiqət, "bütün bu sahib olduğunuz və həvəsləndiyiniz mallar, zənginliklər, uşaqlar, həyat yoldaşları, dostlar, mövqeləri irəlidə yox olacaq, ona görə bir mənası yoxdur" demir. "Bu sizin sahib olduqlarınızın heç biri bu anda onsuz da yoxdur, hamısı yalnız zehninizdə əmələ gələn bir xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntüdür, bunların əslinə heç bir zaman sahib deyilsiniz" deyir. Diqqət etsəniz ikisi arasında çox böyük fərq var.

İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını var kimi qəbul edərək özünü aldatsa belə, nəticədə ölümünün ardınca yenidən dirildikdə, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. "Sən bu gün çox yaxşı görürsən!" (Qaf surəsi, 22) və insan o gün hər şeyi daha dəqiq bir şəkildə fərq edəcək. Əgər dünyadakı həyatını xəyali məqsədlər arxasında qaçaraq xərcləmişsə, orada heç yaşamamış olmağı diləyəcək, "Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni (əzabdan) qurtarmadı. Hökmranlığım da məhv olub getdi" (Həqqa surəsi, 27-29) deyərək həlak olacaqdır.

İnsanların bu həqiqətdən bu qədər qaçmaları, əllərindəkilərin xəyal olduğunu başa düşmələri və bunlar əllərindən alındıqda nə qədər aciz, gücsüz və möhtac vəziyyətdə qalacaqlarını qavramaları üçündür. Dünyanın ən zəngin iş adamının vəziyyətini düşünün. Bu adam fabriklərinin, holdinqlərinin, əmrində işləyən insanların, bankdakı dollarlarının, gəmisinin, insanların xəyal olduğunu, tək mütləq varlığın Allah olduğunu, sahib olduğunu zənn etdiyi şeylərin də Allah tərəfindən özünə göstərilən görüntülər olduğunu tam olaraq qavrayıb qəbul etdikdə, təkəbbürü, mənasız qüruru bir anda yox olacaq. Allah özündən bu mallarının hamısını infaq etməsini istədikdə, şiddətlə müqavimət göstərən, möhtaclara, kasıblara kömək etməyən, xəsis olan bu insan, bir anda bu həqiqətlə bütün varlığını itirmiş olacaq. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar. Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.. (Məhəmməd surəsi, 37-38)

Allahın ayələrində də bildirdiyi kimi, insan nə qədər mülk sahibi kimi görünsə də əslində kasıbdır. Çünki sahib olduqlarının hamısı, heç bir zaman çata bilmədiyi, gerçək mənada özünə aid olmayan xəyallardır. Heç bir zaman pullarının əslinə toxuna bilməz, pulkisəsinin əslini görə bilməz, illər boyu aldığı mükafatların əslləri ilə təmasda ola bilməz. Bir insan necə ki yuxusunda çox güvənli həyat yaşayır, amma oyandıqda əslində nə mal, nə ünvan, nə etibar, heç birinə sahib olmadığını anlayır, insanın gerçək həyatı üçün də vəziyyət eynidir.



Bəzi insanların bu həqiqəti şiddətlə rədd etmələrinin səbəbi bu "itirmə qorxuları"dır. Bu qorxunun təməlində yatan isə əvvəldə də bildirdiyimiz kimi, Allahın xaricində "ilah olma həsrətləri"dir. (Allahı tənzih edirik) Özlərinin və bütün sahib olduğunu zənn etdiklərinin xəyal olduğunu anlamaq bu insanların nəfslərinə ağır gəlir, əzəmətlərini aradan qaldırır. Öyünəcəkləri və qürurlanacaqları şeylərinin qalmaması onları qorxudur. Halbuki, hal-hazırda öyünüb qürurlandıqları hər şey əslində "boş bir aldanış"dır. Onsuz da hər insan bu həqiqəti ölümü ilə birlikdə anlayacaq. Allah dünya həyatının bu tərəfini bir ayəsində belə bildirir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Bu həqiqətin şüurunda olan möminlərin rəftarı isə çox fərqlidir. Möminlər həyatları boyu sahib olduqları bütün nemətlərin, müvəffəqiyyətlərin, zənginliklərin Allahın özlərinə verdiyi bir nemət olduğunu anlayırlar. Buna görə də heç bir zaman bunlarla öyünmürlər. Zənginliyi, mal və mülkü, dünya həyatının məqsədi olaraq görmürlər. Sahib olduqları hər şeyi, axirət üçün vasitə kimi qəbul edir və hər zərrəsini Allahın razılığına uyğun olaraq xərcləyir və ya istifadə edirlər.

Bütün bu izah edilənlərdən sonra Allahın hər yeri hərtərəfli əhatə etdiyi həqiqət daha yaxşı aydın olur. İnsan, əsliylə əsla təmasda ola bilmədiyi zehnində mövcud olan kölgələr aləmində, zamansızlıq içində tək-tənha bir halda sınanır. "Məni yaratdığım kimsə ilə tək burax," (Muddəssir surəsi, 11) ayəsi də bunun açıq dəlilidir. Bu saytda izah edilən həqiqətlər yaxşı başa düşüldüyü təqdirdə Quran ayələri və kainatdakı hər şeyin mənası çox daha yaxşı qavranılacaq. İnsan, özü də daxil olmaqla, hər şeyin yalnız surətiylə təmasda olduğu bir dünyada yaşayır.

Ağıllı bir insanın öhdəsinə düşən, bütün kainatın bu ən böyük həqiqətini vaxt varkən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar ardınca qaçmağa xərcləyib sonunda böyük bir uçuruma düşər. Allah, dünyada xəyallar arxasınca qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirir:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)